REGİONLAR
Yevlaxda Həmrəylik Günü və Yeni il münasibəti ilə konsert və atəşfəşanlıq təşkil olunub
Yevlax, 25 dekabr, AZƏRTAC
Yevlax şəhərinin mərkəzi meydanında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təntənəli bayram konserti keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin, rayonun idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələrinin, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb.
Bayram tədbirində bildirilib ki, 31 dekabr tarixi xalqımızın ümumdünya həmrəylik günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikasının Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, hər il dekabrın 31-i xalqımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin siyasi kursu hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Bir neçə saat davam edən bayram konsertində minlərlə yevlaxlı respublikanın tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışlarını dinləyib, rəqslərə tamaşa ediblər. Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.