DÜNYA
Yoluxma hallarının yüksək olmasına baxmayaraq Slovakiyada məhdudiyyətlər yumşaldılır
Bratislava, 11 dekabr, AZƏRTAC
Slovakiyada koronavirusa yoluxma halları yüksək olaraq qalsa da, hökumət məhdudiyyətlərin yumşaldılması barədə qərar verib.
AZƏRTAC xəbər verir ki, noyabrın 25-dən qüvvədə olan ikihəftəlik lokdaunun sona çatdırılmasını hökumət əhalinin israrı ilə əlaqələndirib. Səhiyyə naziri Vladimir Lenqvarski bildirib ki, insanlar Milad bayramı üçün alış-veriş edə və bayramla əlaqədar tətil günlərini planlaya bilmədiklərindən şikayətlənirlər. Onun sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması riskli addımdır, lakin əhalini narazı salmamaq üçün bu addımın atılması lazımdır.
Əhalinin sayına görə gündəlik yoluxmaların statistikasında dünya üzrə antirekord müəyyən edən Slovakiyada peyvənd olunmuş və xəstəlikdən sağalmış şəxslər üçün lokdaun başa çatıb. Ticarət obyektləri, xizək mərkəzləri və dini ibadət obyektləri yenidən qapılarını əhali üçün açıb. Qastronomiya obyektləri isə hələlik bağlı qalacaq. Otellər fəaliyyətlərini dekabrın 25-dən yalnız peyvənd olunmuş müştərilər üçün bərpa edəcək.
Slovakiya, həmçinin Avropa İttifaqı ölkələri arasında ən aşağı vaksinasiya kvotasına malik ölkələr arasında yer alır. Bu ölkədə əhalinin yarıdan az hissəsi virusa qarşı tam peyvənd olunub.
Slovak hökumətindən verilən açıqlamada qeyd edilib ki, ölkədə virusla bağlı vəziyyət ciddi olaraq qalır və yaxın günlərdə vəziyyətin qiymətləndirilməsindən sonra tədbirlərin sərtləşdirilməsi mümkün ola bilər.
Hazırda Slovakiyada 100 min nəfər üçün həftəlik yoluxma sayı 1099 təşkil edir, gündəlik yoluxmaların sayı isə təxminən 10 minə çatır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava