DÜNYA
Yoşihide Suqa Yaponiya və Şimali Koreya rəsmilərinin görüşü barədə xəbərə şərh verməkdən imtina edib
Tokio, 30 avqust, AZƏRTAC
Yaponiya hökumətinin yüksək səviyyəli rəsmisi ABŞ qəzetinin Yaponiya və Şimali Koreya rəsmilərinin ötən ay Vyetnamda keçirilən görüşü barədə xəbərini şərh etməkdən imtina edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, “The Washington Post” qəzetinin onlayn buraxılışı avqustun 28-də Yaponiya Nazirlər Kabinetinin kəşfiyyat şöbəsinin rəhbəri Şiqeru Kitamuranın Şimali Koreyanın Koreyaların birləşməsi məsələsi üzrə nümayəndəsi Kim Sun He ilə görüşü barədə məlumat yayıb. Görüşdə Şimali Koreya tərəfindən oğurlanmış yapon vətəndaşları məsələsinin müzakirə edildiyi bildirilir.
Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa jurnalistlərə deyib ki, bu görüş barədə onun məlumatı olsa da, bu barədə hökumət adından heç bir şərh verməyəcək.
Y.Suqa əlavə edib ki, Yaponiya hökuməti Şimali Koreya ilə bütün problemlərin, o cümlədən oğurlanmış yapon vətəndaşlarının geri qaytarılması, həmçinin nüvə-raket proqramlarının həlli məqsədilə bütün gücünü sərf etməkdə davam edir.
Məlumatda əlavə olaraq qeyd edilir ki, “The Washington Post” qəzeti ABŞ Prezidenti Donald Trampın iyunda Ağ evdə Baş nazir Şinzo Abe ilə görüşü zamanı Yaponiyanın ticarət siyasətini kəskin tənqid etdiyini də yazıb. D.Tramp Ş.Abeyə deyib ki, o, Pörl-Harboru unutmayıb.
Y.Suqa iki ölkə liderlərinin görüşündə belə iradların səslənmədiyini bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio