ELM VƏ TƏHSİL
Yüksək nəticə göstərən məzunlar mükafatlandırılmışdır
Bakı, 12 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 2012-2013-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma mərasimi keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə RİH-in başçısı Süleyman Mikayılov Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin yaradıcısı Heydər Əliyevin respublikada təhsilin inkişafına, məktəbə, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulamışdır. Bu gün Prezident İlham Əliyev tərəfindən bu sahəyə verilən xüsusi qiymətin nəticəsi kimi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qeyd edilmişdir. S.Mikayılov respublikamızın hər yerində yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqla təchiz olunan təhsil ocaqlarını gələcəyimiz olan gənclərə dövlət tərəfindən verilən dəyərin göstəricisi kimi səciyyələndirmişdir.
Milli Məclisin deputatı Ağalar Vəliyev öz nitqində təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün böyük uğurla davam etdirilən təhsil strategiyası barədə danışmışdır.
Tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə ötən tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1.206 nəfərin bitirdiyi, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 944 abituriyentin 48 faizinin, yəni 447 nəfərin tələbə adını qazandığı nəzərə çarpdırılmışdır. Bundan əlavə, ötən tədris ilinin yekunlarına görə rayonun Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəblərinin Prezident İlham Əliyevin sərəncamı ilə “2012-2013-cü tədris ilində ilin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi adına layiq görüldüyü qeyd edilmişdir.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış 18 nəfərə qiymətli hədiyyələr və pul mükafatları, eləcə də “2012-2013-cü tədris ilində ilin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi adına layiq görülmüş Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəblərinin bir neçə müəlliminə hədiyyələr təqdim olunmuşdur.