CƏMİYYƏT
Yuta-Azərbaycan Dostluq Təşkilatı ABŞ Prezidentinə müraciət edib
Bakı, 14 sentyabr, AZƏRTAC
ABŞ-ın Yuta ştatında fəaliyyət göstərən Yuta-Azərbaycan Dostluq Təşkilatı Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar ölkənin rəsmi şəxslərinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Yuta-Azərbaycan Dostluq Təşkilatının sədri Əsmər Qarayevanın imzası ilə ABŞ Prezidenti Cozef Bayden, dövlət katibi Entoni Blinken, senatorlar Mitt Romni, Mayk Li və konqresmen Kris Stüarta ünvanlanan məktubda Ermənistanın hərbi təxribatı nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Beynəlxalq hüququn normaları ilə bir araya sığmayan bu təcavüzkar hərəkətin səbəblərinə diqqət cəlb edilib.
“Biz, Yuta ştatında yaşayan Azərbaycan əsilli amerikalılar Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı təcavüzünün davam etməsindən dərin narahatlığımızı bildiririk. Qətiyyətlə bəyan edirik ki, Ermənistanın bu hərəkətləri iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaz regionunda sülhün bərqərar olması prosesinə uyğun gəlmir. Biz sizi Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü pisləməyə, belə təxribatların təkrarlanmaması naminə beynəlxalq səviyyədə əməli addımların atılması üçün səylərinizi gücləndirməyə çağırırıq”, - deyə təşkilat sədri diqqətə çatdırıb.