REGİONLAR
Zaqatala, Balakən və Qaxda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 13 mərkəzdə aparılıb
Zaqatala-Balakən-Qax, 30 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Balakən və Qax rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 6, Balakəndə 4, Qax rayonunda isə 3 mərkəz olmaqla, ümumilikdə 13 bina ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3 nömrəli, Qazangül qəsəbə, Aşağı Tala kənd 3 nömrəli tam orta məktəblərdə və Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Balakən şəhər 1, 3 nömrəli, Mahamalar və Hənifə kənd tam orta məktəblərdə, həmçinin Qax şəhər 2 nömrəli orta məktəb-lisey, 4 və 5 nömrəli tam orta məktəblərdə təşkil olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt iştirakçının buraxılış vərəqəsində göstərilib.
DİM-in regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə 1539 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 21 imtahan rəhbəri və 145 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 121 zal ayrılıb.
Balakəndə keçirilən buraxılış imtahanında 1030 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 104 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 86 zal ayrılıb.
Qax rayonunda keçirilən və 625 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 57 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 48 zal ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.