SİYASƏT
ZAQATALA HƏRBİ PROKURORLUĞU FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Zaqatala, 25 yanvar (AZƏRTAC). Yanvarın 25-də Zaqatala şəhərində Ərazi Hərbi Prokurorluğunun fəaliyyətə başlaması münasibətilə mərasim keçirilmişdir.
Hüquq-mühafizə orqanları əməkdaşlarının, ədliyyə işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qeyd etmişdir ki, Zaqatala Hərbi Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011 ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə uyğun olaraq yaradılmışdır. O, qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Məlumat vermişdir ki, prokurorluğun təşkili ilə bağlı bütün zəruri işlər görülmüş, müvafiq bina ayrılaraq əsaslı təmir olunmuş, lazımi inventar və avadanlıqla təmin edilmişdir.
Mərasimdə Respublika Hərbi Prokurorunun müavini, ədliyyə polkovniki Rasim Kazımov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmış, demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasının vacibliyini qeyd etmişdir. Natiq bildirmişdir ki, “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, müasirləşdirilməsi və inkişaf etdirilməsinin təməlini qoymuşdur. Dövlət Proqramında, həmçinin qurumun kadr potensialının gücləndirilməsi, kadrların peşəkarlığının artırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, habelə işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müddəalar da öz əksini tapmışdır. Proqram çərçivəsində Respublika Hərbi Prokurorluğunun strukturunda da müəyyən dəyişikliklər edilmiş, prokurorluğun tərkibində yeni qurumlar fəaliyyətə başlamışdır.
Hərbi prokurorun müavini bildirmişdir ki, əvvəllər bu bölgədə fəaliyyət göstərən hərbi hissə və qurumlara Gəncə Hərbi Prokurorluğu xidmət göstərirdi. Məsafənin uzaqlığı hadisə baş verdikdə araşdırmaların aparılmasını çətinləşdirirdi. Məhz bu səbəbdən də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılmış, Baş Prokurorun əmri ilə onun strukturu və ştat vahidləri təsdiq olunmuşdur. Quruma uzun müddət Respublika Hərbi Prokurorluğunun Mərkəzi Aparatında məsul vəzifələrdə çalışmış ədliyyə polkovnik-leytenantı Mustafa Əsgərov rəhbərlik edir.
Dövlət Sərhəd Xidmətinin Zaqatalada fəaliyyət göstərən “N” saylı hərbi hissəsinin komandiri polkovnik Elşən Verdiyev yeni yaradılan ərazi hərbi prokurorluğunun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra mərasim iştirakçıları ərazi hərbi prokurorluğunun inzibati binası ilə, burada əməkdaşlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.