REGİONLAR
Zaqatala Heydər Əliyev Mərkəzinin kollektivi şəhid məzarlarını ziyarət edib
Zaqatala, 5 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Zaqatala rayonunda da daim ehtiramla anılır. Rayon Heydər Əliyev Mərkəzinin kollektivi ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrini, eləcə də döyüşlər zamanı yaralanan qaziləri mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
Mərkəzin direktoru Famil Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, şəhidlərin şərəfli ömür yolu gənclər üçün əsl örnəkdir: “İstər Birinci Qarabağ müharibəsi, 2016-ci ilin Aprel döyüşləri, istərsə də Vətən müharibəsi zamanı Zaqatalanın igid oğulları da ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına vuruşublar. Böyüməkdə olan nəslin təlim-tərbiyə aldığı çoxlu sayda məktəbə indi şəhidlərin adı verilir, onlarla küçə, park şəhid qardaşlarımızın adını daşıyır, yolların kənarında, məhəllələrdə, gediş-gəliş sıx olan yerlərdə onların xatirəsinə şəhid bulaqları tikilir, gənc ailələrdə yurdumuzun neçə-neçə Zəfəri, Sərxanı, Şixamiri böyüyür. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar”.