REGİONLAR
Zaqatala Mərkəzi Kitabxanasında işğaldan azad edilmiş ərazilərimizlə bağlı biblioqrafik vəsait hazırlanıb
Zaqatala, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Nizami Gəncəvi adına Zaqatala rayon Mərkəzi Kitabxanasında “Azad olunmuş ərazilərimizin infrastrukturu, ərazisi, etnik tərkibi və təbii ehtiyatları” adlı biblioqrafik vəsait hazırlanıb. Kitabxananın baş biblioqrafı Yasəmən Məmmədova tərəfindən tərtib edilərək çap olunmuş vəsaitdə erməni işğalından azad edilmiş rayonlarımızın ərazisi, təbiəti, etnik tərkibi, təbii ehtiyatları haqqında geniş məlumat verilib, həmin rayonların azad edildiyi tarixlər xronoloji ardıcıllıqla göstərilib.
Kitabxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vəsaitin təqdimatı ilə bağlı keçirilən tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini icra edən Leyla Məmmədova çıxış edərək, torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaətindən, qəhrəmanlığından, xalqımızın ordumuza verdiyi böyük dəstəkdən bəhs edib.
Biblioqrafik vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulub.