REGİONLAR
Zaqatala rayon MKS-nin əməkdaşları şəhid anaları və Vətən müharibəsi qaziləri ilə görüşüblər
Zaqatala, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş Qələbəyə imza atdı, 30 ildir işğal altında olan Qarabağ torpağı mənfur düşməndən təmizləndi. Vətən müharibəsində qazanılan tarixi Qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə şəhid anaları və Vətən müharibəsi qaziləri ilə keçirilən görüşdə səsləndirilib.
Kitabxana əməkdaşlarının, ziyalıların və gənclərin iştirak etdiyi tədbirin əvvəlində Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Zaqatala rayon MKS-nin direktoru Gülniyar Məmmədova açaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsinin müstəqillik və dövlətçilik tariximizin mühüm səhifələrindən biri olduğunu diqqətə çatdırıb.
Görüşdə pedaqoji elmlər üzrə fəlsəfə doktoru Həşim İsmayılov və başqaları çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən, igid oğullarımızın döyüşlərdə göstərdikəri qəhrəmanlıqlardan söz açıblar. Çıxış edənlər Vətənini, xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid analarına təşəkkürlərini çatdırıblar.
Vətən müharibəsinin qaziləri İdris İdrisov, Məhəmməd Məmmədov, Sübhan Durmuşov, Əlibəy Məmmədov və digərləri cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıblar.
Görüşdə iştirak edən Birinci Qarabağ müharibəsində şəhid olmuş Zəfər Murtuzəliyevin anası Əzizə xanım, Aprel döyüşlərinin şəhidi Sərxan Bayramovun anası Həlimə xanım Vətən uğrunda canlarından keçən qəhrəman övladları ilə fəxr etdiklərini söyləyib, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.