İQTİSADİYYAT
Zaqatala rayonunun kəndləri qazlaşdırılır
Zaqatala, 7 dekabr (AZƏRTAC). Zaqatala rayonunun təbii qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyi dövlət vəsaiti hesabına rayonun Danaçı və Makov kəndlərinə polietilen borularla qaz xəttinin çəkilişinə başlamışdır.
Rayon qaz istismarı sahəsindən AZƏRTAC-a bildirmişlər ki, 20 kilometr uzunluğu olacaq daşıyıcı qaz xəttinin 3 min 500 metrlik hissəsinin çəkilişi artıq başa çatmışdır. 2012-ci ilin sonunda tamamlanması nəzərdə tutulan bu xəttin istismara verilməsi nəticəsində Danaçı və Makov kəndləri ilə yanaşı, ərazidəki daha 5 kəndin qazlaşdırılması təmin olunacaq, 6 min abonent təbii qazdan istifadə edəcəkdir. Bundan əlavə, rayonun Əliabad qəsəbəsi və Yuxarı Tala kəndinin qazlaşdırılması istiqamətində də iş davam etdirilir.
Hazırda rayonda bir şəhər və 10 kəndin əhalisi “mavi yanacaq”dan istifadə edir. Rayon üzrə qaz istifadəçilərinin ümumi sayı isə 10 min 232 abonentdir.