REGİONLAR
Zaqatala taxılçıları mövsümə ciddi hazırlaşırlar
Zaqatala, 7 aprel (AZƏRTAC). Zaqatala rayonunun təsərrüfatlarında taxıl əkinlərinə aqrotexniki xidmət davam etdirilir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ilin payızında təsərrüfatlarda cari ilin məhsulu üçün 10 min 741 hektar sahədə taxll əkilmişdir. Əkin sahələrinin 8 min 347 hektarına buğda, 2 min 364 hektarına arpa toxumu səpilmişdir. Fermerlər indiyədək taxıl sahələrinə 340 ton yemləmə gübrəsi, kifayət qədər üzvü gübrə vermiş, 300 hektardan artıq sahəyə mala çəkmiş, zərərvericilərə və gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirmişlər. Hazırda taxıl sahələrində alaq otlarına qarşı herbisidlərin çilənməsinə başlanılmışdır.
Taxıl sahələrinin suvarılması məqsədilə çay yatağı və təsərrüfatlararası suvarma kanalları lildən təmizlənmişdir. Bu iş davam etdirilir. Bundan əlavə, əkin sahələrinin sel sularından mühafizəsini təmin etmək məqsədilə 632 kubmetr həcmdə daş-beton bəndlər əsaslı təmir olunmuş, 1000 kubmetr həcmdə qabion bəndlər quraşdırılmışdır.