CƏMİYYƏT
Zaqatalada qadınların ictimai fəallığının artırılması məqsədi ilə təlim keçirilmişdir
Bakı, 7 sentyabr (AZƏRTAC). Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və Avrasiya Regional Mərkəzi ilə birlikdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu” layihəsi çərçivəsində Zaqatala rayonunda ictimai sektorda çalışan 50-dən çox qadının iştirakı ilə təlim keçirilmişdir.
ABİA-dan AZƏRTAC-a bildirilmişdir ki, təlimdə qadınların ictimai fəallığı, onların hüquqlarının qorunması, eləcə də biznes sahəsində iştirakının stimullaşdırılması ilə bağlı müzakirələr aparılmışdır. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün qadınlar arasında daimi əsaslarla işləyən şəbəkənin yaradılmasının zəruriliyi vurğulanmışdır. Bildirilmişdir ki, gələcəkdə şəbəkə daxilində mühasibat, toxuculuq və dərzilik kurslarının açılması nəzərdə tutulur.
Diqqətə çatdırılmışdır ki, növbəti təlim gələn həftə Gəncə şəhərində keçiriləcəkdir.