SİYASƏT
ZAQATALADA RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Zaqatala, 29 may (AZƏRTAC). Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü Zaqatala rayonunda geniş qeyd olunmuşdur.
Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, mədəniyyət və təhsil müəssisələrində, kitabxanalarda “dəyirmi masa”lar, konfranslar keçirilmiş, Uşaq Yaradıcılıq Mərkəzində balaca rəssamların əl işlərindən və həmin dövrdən bəhs edən kitablardan ibarət sərgilər təşkil olunmuşdur.
Respublika günü münasibətilə gənclər və idman idarəsinin təşkilatçılığı ilə idmanın müxtəlif növləri üzrə birinciliklər keçirilmiş, turnirlər təşkil olunmuşdur.
Bayram ərəfəsində şəhərin küçə, park və meydanlarında, kəndlərdə iməciliklər keçirilmiş, səliqə-səhman və yaşıllaşdırma işləri aparılmışdır.
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında, habelə orta-ixtisas və ümumtəhsil məktəblərində keçirilən konfrans və “dəyirmi masa”larda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, cəmi 23 ay yaşamış bu dövlətin təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə gördüyü böyük işlər geniş təhlil olunmuşdur. Bildirilmişdir ki, XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da xalqımız böyük təzyiqlərə məruz qalmış, torpaqlarımızın bir hissəsi mənfur qonşularımız tərəfindən qəsb olunmuşdur. Ölkəmizin taleyi, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalqımız ayağa qalxaraq öz xilaskarını, ümummilli liderimiz Heydər Əliyevi yenidən hakimiyyətə gətirmişdir. Məhz ulu öndərimizin titanik zəhməti, siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamış, inkişaf edərək dünyanın qabaqcıl ölkələri sırasına yüksəlmişdir. Ulu öndərimizin xalqımıza ərmağan etdiyi müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayır.
Respublika günü münasibətilə rayonun mədəniyyət ocaqlarında, park və meydanlarda bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramları təşkil edilmişdir.