REGİONLAR
Zaqatalada şəhidlərin xatirəsinə həsr edilən kitabların təqdimatı olub
Zaqatala, 20 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İyulun 20-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimovun və qəzetin redaktor müavini Elmira Mehdiyevanın müəllifi olduğu “Qarabağın fatehləri” və “Tarix yazan oğullar” kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər kompleksini, həmçinin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Çıxışlarda vurğulanıb ki, müxtəlif xalqların, milli azlıqların nümayəndələrinin yığcam şəkildə yaşadıqları Zaqatala rayonunun igid oğulları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan 44 günlük Vətən müharibəsində çox böyük qəhrəmanlıqlar göstəriblər. Onların qəhrəmanlıqları bu gün də dillərdə dastan olaraq gəzməkdədir. Avarı, saxuru, ingiloyu, axaxı, rusu bir olub, birlik olub şanlı Qələbə qazanıblar. Təqdimatı keçirilən “Qarabağın fatehləri” və “Tarix yazan oğullar” kitablarında da məhz həmin oğulların keçdikləri döyüş yolundan söz açılır, onların qəhrəmanlıqları tərənnüm edilir.
Təqdimat mərasimində kitabda haqqında söz açılan igidlərin qəhrəmanlıqları bir daha dilə gətirilib, bu Qələbənin hərb tariximizdəki yeri və rolu dəyərləndirilib.
Çıxış edənlər kitabların əhəmiyyətindən danışmaqla yanaşı, bildiriblər ki, müəlliflərin böyük əməyi və səyi nəticəsində ərsəyə gələn bu nəşrlərin davamı olmalıdır, müharibənin hər anı qələmə alınmalı, hər bir döyüşçünün haqqı verilməlidir.
Müəlliflər çıxışlarında igid oğullarımızdan bəhs edən hər iki kitabı sevə-sevə qələmə aldıqlarını bildiriblər. Vurğulanıb ki, kitablarda heç bir millətin adı çəkilməyib, ona görə ki, Azərbaycan onların hər birinin Vətəni idi və onlar Vətən uğrunda vuruşurdular. Məhz bu böyük missiya, bu birlik bizim şanlı Qələbəmizin rəhni olub.
Hər iki müəllif Vətən müharibəsi mövzusunda yazmağı davam etdirmək fikrində olduğunu bildiriblər.