REGİONLAR
Zaqatalada taxıl sahələrindən orta hesabla 30 sentnerə yaxın məhsul götürülür
Zaqatala, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Cari mövsümdə Zaqatala rayonunda 12 min 221 hektar taxıl sahəsinin biçilməsi gözlənilir. Rayonun Qanıx çayı vadisində yerləşən təsərrüfatlarında artıq bir neçə gündür taxıl biçini kampaniyasına start verilib. Faldarlı, Muğanlı, Qandax, Kəpənəkçi kəndlərinin təsərrüfatlarında ilk günlər 200 hektara yaxın arpa sahəsinin məhsulu biçilib. Hələlik hər hektardan orta hesabla 30 sentnerə yaxın məhsul götürülür.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Qurumdan onu da bildiriblər ki, biçin kampaniyasına 39 ədəd taxılbiçən kombayn, həmçinin lazımi qədər yük maşını, qoşqu, küləş presləyən aqreqat və digər texnika cəlb edilib. Biçin dövründə, ehtiyac yaranarsa, digər rayonlardan əlavə olaraq 10-12 ədəd kombaynın gətirilməsi də nəzərdə tutulur.
Havalar əlverişli, yağmursuz keçərsə, rayonda taxıl biçini kampaniyası iyunun sonunadək başa çatdırılacaq.