ZAQATALADA YENİ HAVA LİMANI TİKİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Zaqatalada yeni tikiləcək hava limanının layihəsi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevi köhnə hava limanında “Azərbaycan Hava Yolları” Dövlət Konserninin sədri Cahangir Əsgərov qarşıladı. O, dövlətimizin başçısına məlumat verərək dedi ki, Zaqatala şəhərindən 5 kilometr cənubda yerləşən bu hava limanı 1974-cü ildə istismara verilmişdi. Doqquz ildir fəaliyyətini dayandırmışdır. Əvvəllər də ancaq “Yak” tipli təyyarələri qəbul edirdi. Uçuşlar isə Bakıya və geriyə olurdu.
Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu müasir standartlara çatdırılacaq, yəni 3300 metr olacaqdır. Aerovağzal binası saatda 150 sərnişinə xidmət edə biləcəkdir. Yeni hava limanında yük terminalı, yanacaq-sürtkü materialları anbarı, aerodrom maşın-mexanizmlərinin təmiri üçün emalatxana və s. olacaqdır. Tezliklə tikintiyə başlanacaq və hava limanı 12 aya istifadəyə veriləcəkdir.
Prezident İlham Əliyev layihə ilə tanış olaraq bildirdi ki, gələcəkdə bölgə daha da inkişaf edəcək və buraya sərnişin axını artacaqdır. Beynəlxalq statusa malik olacaq bu hava limanından sərnişinlər xarici ölkələrə də uçmaq imkanı qazanacaqlar. Azərbaycanın belə səfalı bir məkanında yeni hava limanının tikilməsi regionun inkişafına da böyük təkan verəcəkdir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Zaqatala rayonuna səfərini başa çatdırdıqdan sonra, günün ikinci yarısında Qax rayonuna gəldi.
Qax şəhərinin mərkəzi meydanında Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı böyük hörmətlə və sürəkli alqışlarla qarşıladılar.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin burada ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi. Prezident İlham Əliyev görüşdə nitq söylədi.
Görüşdən sonra dövlətimizin başçısı Qax rayonunun İlisu kəndindəki “Uludağ” turizm və istirahət mərkəzi ilə tanış oldu, Qax-İngiloy kəndində gürcü sakinlərlə görüşdü, buradakı Müqəddəs Georgi kilsəsində oldu.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün axşam Şəki rayonuna gəldi.