REGİONLAR
Zaqatalalılar ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıblar VİDEO
Zaqatala, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı dekabrın 12-də həmişə olduğundan daha izdihamlı görünürdü.
Ulu Öndərin xatirəsini daim əziz tutan zaqatalalılar, rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri səhər saatlarından axın-axın parka gələrək, dahi rəhbərin burada ucaldılan abidəsi önünə qırmızı qərənfillər, gül-çiçək dəstələri düzür, xatirəsinə dərin ehtiramlarını bildirirdilər.
AZƏRTAC xəbər verir ki, Ümummilli Liderin vəfatının on birinci ildönümü ilə bağlı keçirilən ümumrayon tədbiri daha sonra Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Unudulmaz dahi - sönməyən zəka” mövzusunda elmi-praktik konfransla davam etdirilib.
Rayon rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirin əvvəlində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi rəhbərə həsr olunan sənədli film nümayiş olunub.
Konfransda bütün həyatını Vətənə, xalqa həsr edən ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs edilib, onun əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Bildirilib ki, dekabrın 12-si Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anım günüdür. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.
Tədbirdə Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.