MƏDƏNİYYƏT
Zaqatalanın “Hudulki” xalq kollektivi Belarusda keçirilən beynəlxalq festivalda uğurla çıxış etmişdir
Zaqatala, 11 iyul (AZƏRTAC). Zaqatala rayonu Maqov kənd mədəniyyət evinin “Hudulki” xalq kollektivi Belarusun Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” beynəlxalq xalq yaradıcılığı festivalından qayıtmışdır.
Kollektivin festivaldakı çıxışı barədə təəssüratlarını AZƏRTAC-a bildirən Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva “Hudulki” xalq kollektivinin iştirakını Zaqatala rayonunun 2013-cü ildə “Azərbaycanın folklor paytaxtı” elan olunması ilə əlaqələndirmişdir. Kollektiv indiyədək Gürcüstan, Türkiyə, Rusiya Federasiyası və Dağıstan Respublikasında keçirilən festival və tədbirlərdə iştirak etmişdir.
Şöbə müdirinin bildirdiyinə görə, Bobruysk şəhərində artıq on birinci dəfədir ki, keçirilən “Dostluq çələngi” festivalına dünyanın 18 ölkəsindən folklor və rəqs kollektivləri qatılmışdır. Festivalda Azərbaycanı təmsil edən “Hudulki” xalq kollektivi Bobruysk şəhərinin müxtəlif konsert salonlarında, eləcə də açıq havada 6 konsert vermişdir. Festivalın açılış mərasimində iştirakçı ölkələrin hər biri öz milli mətbəxini, sənətkarlıq nümunələrini nümayiş etdirmişdir. Azərbaycanın milli mətbəx və sənətkarlıq nümunələrinin nümayiş olunduğu sərgi xüsusilə böyük marağa səbəb olmuşdur.
Açılış mərasimində qeyd olunmuşdur ki, Azərbaycanda “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonu həm də əsrarəngiz təbiəti, iqlimi, qədim tarixi abidələri, geniş turizm potensialı ilə fərqlənir. Rayonda 20-dən artıq millətin nümayəndəsi dostluq, qardaşlıq şəraitində birgə yaşayırlar. “Azərbaycanın folklor paytaxtı” seçilməsi ilə əlaqədar cari ildə Zaqatalada bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur və onların bir qismi artıq həyata keçirilmişdir.
Festival çərçivəsində “Hudulki” mahnı və rəqs kollektivinin çıxışı hər yerdə böyük rəğbətlə qarşılanmışdır.