SİYASƏT
Zərdabda Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir
Zərdab, 8 noyabr (AZƏRTAC). Zərdabdakı Heydər parkında 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə parkda ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
Toplantıda çıxış edənlər bildirmişlər ki, hər bir dövlətin bayrağı həmin ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edir. Üç rəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra bu bayraq milli müstəqilliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.
Vurğulanmışdır ki, bayrağımız bütün dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər məclis və mərasimlərlə yanaşı, irimiqyaslı siyasi toplantılarda, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli varlığımızı, milli birliyimizi təcəssüm etdirir.
Bildirilmişdir ki, bu gün Bakıda, digər şəhərlərimizdə qurulan bayraq meydanları, yüksəkliklərə ucalan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşının milli qürur mənbəyidir.