ELM VƏ TƏHSİL
ZONA MÜŞAVİRƏSİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ ELMİ-STATİSTİK TƏHLİLİNİN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, yanvarın 10-da Bakı şəhərindəki 1 nömrəli orta məktəbdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2007-2008-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirmişdir.
Paytaxtın ayrı-ayrı ümumtəhsil müəssisələri direktorlarının və müəllimlərinin iştirak etdikləri zona müşavirəsində təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafına daim böyük önəm verildiyini bildirmiş və bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır.
Son illərdə təhsilimizdə qazanılan nailiyyətlərdən bəhs edən nazir məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırmış, eyni zamanda, şagirdlərin biliyinin obyektiv qiymətləndirilməsinin zəruriliyini qeyd etmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2007-2008-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzə etmişdir.
Bildirilmişdir ki, 2007-ci ildə Bakı şəhərinin orta ümumtəhsil məktəblərini 26 min 953 şagird bitirmişdir. Onlardan 87,29 faizi (23 min 528 nəfəri) ali məktəblərə sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən, həmin məzunlardan 9 min 25 nəfəri (sənəd verənlərin 38,47 faizi) tələbə adını qazanmışdır.
Ümumilikdə, məzunların 1973 nəfəri 500-dən, o cümlədən 506 nəfəri 600-dən çox bal toplamışdır. Onların ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olunmuşlar.
Bu il respublika üzrə yaxşı məktəblərin sırasına Bakı şəhərinin texniki humanitar liseyi, 72 nömrəli məktəb-lisey, 289 nömrəli orta məktəb - “Zəngi” liseyi, 287 nömrəli “Zəkalar” liseyi, 43 nömrəli bağça-məktəb-lisey kompleksi, 304 nömrəli orta məktəb və bir sıra digər təhsil ocaqları daxil olmuşlar.
Sonra təhsilin inkişaf perspektivləri ilə bağlı geniş müzakirələr aparılmış, suallar cavablandırılmışdır.