SİYASƏT
Estoniyalı deputat: Vətəndaşların sərbəst şəraitdə səs vermələri tam təmin edilmişdi
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanda parlament seçkiləri yaxşı təşkil olunmuşdu və demokratik keçdi. Vətəndaşların sərbəst şəraitdə səs vermələri tam təmin edilmişdi.
AZƏRTAC xəbər verir ki, Estoniya parlamentinin üzvü Savisaar Erki seçkiləri müşahidə təəssüratlarını bölüşərkən belə deyib. O bildirib ki, müşahidə apardıqları məntəqələrin heç birində nöqsan aşkarlanmayıb.
Savisaar Erki deyib: “Estoniya nümayəndə heyəti ümumilikdə 11 məntəqədə müşahidə aparıb. Bu məntəqələr arasında məcburi köçkünlərin də seçki məntəqəsi var idi. Səsvermə nizamlı və mütəşəkkil qaydada keçdi. Seçki məntəqələri vaxtında açıldı. Hər bir məntəqədə müşahidəçilər əvvəldən axıra kimi seçki prosesini izlədilər. Bu isə prosesə əlavə şəffaflıq qatır. Biz Suraxanıda səsvermənin nəticələrinin hesablanmasında da iştirak etdik. Hesablama düzgün aparıldı. Yerli müşahidəçilər hesablamaya müdaxilə etmədilər”.
Estoniya parlamentinin üzvü seçkilərdə bütün vətəndaşlara sərbəst səs vermələri üçün imkanların yaradılmasını çox yaxşı hal kimi qiymətləndirib.