QAN YADDAŞI
“Azərbaycanlıların soyqırımı - həqiqətlər və tarixi faktlar” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin (GEAD) təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı - həqiqətlər və tarixi faktlar” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə GEAD-ın sədri, dosent Məmmədəli Babaşlı ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən, soyqırımı həqiqətlərindən danışmışdır.
Tədbirdə Türkiyənin Atatürk Universitetinin professoru, Türk Tarix Qurumunun həqiqi üzvü, tarix elmləri doktoru İbrahim Ethem Atnurla internet vasitəsilə canlı əlaqə qurularaq mart soyqırımı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
ABŞ-ın Kutztaun Universitetinin tələbəsi İsmayıl Hüseynov azərbaycanlı tələbələrin ABŞ-ın müxtəlif ştatlarında soyqırımı ilə əlaqədar keçirdikləri aksiya və digər tədbirlər haqqında canlı bağlantı vasitəsilə “dəyirmi masa” iştirakçılarına məlumat vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, müxtəlif ali təhsil müəssisələrinin, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər qurumların nümayəndələri tədbirdə iştirak etmişlər.