“Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin növbəti mərhələsi başa çatıb VİDEO





Bakı, 10 noyabr, AZƏRTAC
“Azercell Telekom” MMC-nin “Kaspi” Təhsil Mərkəzi ilə birgə reallaşdırdığı “Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin növbəti mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində kursu uğurla bitirən media nümayəndələrinə sertifikatlar təqdim olunub. Kurslarda yüksək nəticəyə nail olan iki jurnalist Böyük Britaniyada qısamüddətli kurslarda iştirak etmək hüququ qazanıb.
Tədbirdə çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və “Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev 2016-2017-ci il üçün ingilis dili kursları barədə məlumat veriblər.
Qeyd olunub ki, bu tədris ilində 70 jurnalist ingilis dili kurslarına cəlb edilib. Ötən ilin oktyabrından bu ilin mayınadək təşkil olunan kursları 36 jurnalist davamiyyət və akademik göstəricilərə görə uğurla başa vurub.
Jurnalistlər üçün təşkil olunan ingilis dili dərsləri bu il daha fərqli və təkmilləşdirilmiş proqram əsasında tərtib olunub. Dörd bacarıq - yazı, dinləmə, oxuma və danışıq üzrə qabiliyyətlərin inkişaf etdirilməsi məqsədini daşıyan kursların əsas hədəfi jurnalistlərin beynəlxalq mediaya, xəbərin ilkin mənbələrinə çıxışının təmin olunmasıdır.
Tədbirdə növbəti ingilis dili kursları barədə məlumat verilib.