REGİONLAR
Abşeron rayonunda yağış kanalizasiya xətləri təkmilləşdirilir VİDEO
Xırdalan, 22 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Abşeron rayonunun kənd və qəsəbələrində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar mühüm layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, sentyabr-oktyabr aylarında yağan yağışlar iqlim normasından çox olduğundan rayonda ciddi fəsadlar törədib, bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəyib. Abşeron Rayon İcra Hakimiyyətində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq komissiya yaradılaraq tədbirlər planı təsdiq edilib.Tədbirlər planına uyğun olaraq Xırdalan şəhərində, eləcə də Masazırdakı Sarı Aşıq küçəsində fərdi yaşayış evlərini yağış sularından qorumaq üçün yeni yağış kanalizasiya sistemi çəkilir. Yeni çəkilən yağış kanalizasiya xəttinin uzunluğu 2 kilometr, yüksək təzyiqə davamlı boruların diametri isə 160 millimetrdir. Havaların yağışlı keçməsinə baxmayaraq işlər sürətlə gedir, əraziyə xeyli sayda texnika cəlb edilib. Hazırda həmin ərazidə son tamamlama işləri gedir.
Bundan başqa, Saray qəsəbəsində göl ətrafında yerləşən 300-dən çox evə dəyən ziyanla əlaqədar Cabir Novruz, Mübariz Ziyadov, Elşən Hüseynov, Qasım bəy Zakir küçələrində öz axını ilə diametri 300 millimetr, uzunluğu 1 kilometr olan boru ilə yağış kanalizasiya xətlərinin çəkilişi həyata keçirilir. Hər 25-30 metrdən bir isə diametri 1,27 metr, dərinliyi 3,5 metr olan nəzarət quyuları tikilib.
Rayonun Məhəmmədi kəndində də səth sularının axıdılması üçün 2 kilometr uzunluğunda kanalizasiya xətlərinin çəkilişi həyata keçirilir.