CƏMİYYƏT
“Sənayedə müasir texnologiyaların tətbiqi və texniki təhlükəsizlik” mövzusunda konfrans keçirilib VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində “Sənayedə müasir texnologiyaların tətbiqi və texniki təhlükəsizlik” mövzusunda ümumrespublika elmi-metodiki konfransı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev konfransı açaraq respublikamızda təbii və texnogen xarakterli fəlakətlər zamanı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işlərdən danışıb. Ulu öndər Heydər Əliyevin hər zaman əhalinin təhlükəsizliyinə xüsusi əhəmiyyət verdiyini vurğulayan nazir müavini bildirib ki, bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məharətlə davam etdirilir. Təsadüfi deyil ki, dövlətimizin başçısı ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 2005-ci il 16 dekabr tarixində müvafiq Sərəncam imzalayıb. Bununla da müdrik uzaqgörənliklə fövqəladə hallarla mübarizə sahəsində əvvəllər pərakəndə fəaliyyət göstərən qurumların vahid idarəçilik altında mobil və sistemli fəaliyyəti təmin edilib. Nazirliyin digər qurumları kimi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinin önəmini vurğulayan nazir müavini konfransda dinlənilən məruzələrin və müzakirə olunan problemlərin sənaye təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəyinə əminliyini bildirib.
Sonra Agentliyin fəaliyyəti barədə videoçarx nümayiş olunub.
Dövlət Agentliyinin rəisi Səfər Qurbanov, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Rüşti Səfərov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, SOCAR-ın Qaz-İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev, FHN Akademiyasının rəis müavini Cabir Həsənov, “Azərneftkimyamaş” ASC-nin sədr müavini Akif Talıbov və digər məruzəçilər sənayedə müasir texnologiyaların tətbiqinin vacibliyindən və səmərəliliyindən, texniki təhlükəsizlik sahəsində qazanılan uğurlardan söz açıblar.
Konfransda Agentliyin istifadəsində olan, kimyəvi, elektrik və metal müayinələrin aparılması üçün istifadə edilən müasir avadanlıq, həmçinin maarifləndirmə sahəsində çap vəsaitləri nümayiş olunub.