CƏMİYYƏT
Ötən ay nikaha daxil olmaq istəyən 10 215 nəfər tibbi müayinədən keçib VİDEO
Bakı, 9 fevral, AZƏRTAC
Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu ilin yanvar ayının sonuna qədər 238 509 nəfər tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yalnız 2017-ci ilin yanvar ayı ərzində nikaha daxil olmaq istəyən 10 215 nəfər müayinə edilib. İndiyədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlanıb. Ümumilikdə isə müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Müayinələr nəticəsində ailə qurmaq istəyən 10 501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Bu məqsədlə səhiyyə müəssisələrində hər cür zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.