REGİONLAR
Bərdə rayonunda dörd gündə 2264 nəfər pulsuz tibbi müayinədən yararlanıb VİDEO




Bərdə, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına əsasən əhalinin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir. Sakinlər Bərdə Rayon Mərkəzi Xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında və kəndlərdəki tibb məntəqələrində müayinə olunurlar. Eyni zamanda, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən kəndlərdə əhalinin tibbi müayinəsi həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Bərdə şəhər poliklinikasının müdiri Mehdi Mehdizadə məlumat verib. O qeyd edib ki, sakinlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə terapevt tərəfindən müayinə olunur. Sonra isə ehtiyaca uyğun olaraq cərrah, lor, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlərin qəbulunda olur, kardioqrama, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Aksiya başlayandan - fevralın 15-dən indiyədək 2264 nəfər vətəndaş tibbi müayinədən keçirilib. 29 nəfər ambulator, 38 nəfər stasionar müalicəyə cəlb edilib, 16 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Sakinlər daha çox yuxarı tənəffüs yolları, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Poliklinikada müayinədən keçən rayon sakini Gülmirə Qasımova insanların sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə respublikamızda hər il keçirilən bu humanist aksiyanı yüksək qiymətləndirib: “Əvvəlki illərdə olduğu kimi, indi də poliklinikaya gələrək hərtərəfli müayinə olundum. Artıq sağlamlıq vəziyyətimlə bağlı məlumatlıyam. Dövlətimizin başçısına sağlamlığımızın qayğısına qaldığı üçün minnətdarlığımı bildirirəm”.