REGİONLAR
Lənkəran sakinləri İlaxır çərşənbədə çay kənarında niyyət tutublar VİDEO
Lənkəran, 15 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 14-də Lənkəranda İlaxır çərşənbə böyük sevinclə qeyd olunub. Lənkəranlılar axır çərşənbə günü axar çay kənarına toplaşmaq ənənəsini bu il də davam etdiriblər.
AZƏRTAC xəbər verir ki, Lənkərançayın sahilinə toplaşan sakinlər Novruzun gəlişini sevinclə qarşılayıblar.
Adət-ənənəyə görə, çay kənarında qohumlar, tanışlar, dostlar hal-əhval tutur, bir-birilərinin bayramlarını təbrik edirlər. Onlar suya niyyətlərini deyir, dərd-qəmlərinin çayla axıb getməsini arzulayırlar. İnsanlar həmin çayın suyundan evə də aparırlar. Bu su isə “lal su” adlanır. Çünki, adətə görə su bardağa doldurulduqdan evə çatanadək həmin şəxs yol boyu heç kimlə danışmamalıdır. Yalnız evə çatıb o sudan otaqlara səpdikdən sonra niyyət edilir, xeyir-dualar verilir.