REGİONLAR
104 illik şanlı tarix – Azərbaycan Xalq Cümhuriyyəti REPORTAJ VİDEO
Gəncə, 28 may, Elcan Məmmədov, AZƏRTAC
Mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi tamam olur.
Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edildi. Bir çox vacib qərarlar və sərəncamlarda məhz bu şəhərdə verildi.
AZƏRTAC-ın bölgə müxbiri tarixçi Bəxtiyar Məhərrəmovla birgə Cümhuriyyətin Gəncəyə köçürülərkən fəaliyyət göstərdiyi binada o dövrün çətin və keşməkeşli tarixi səhifələrini vərəqləyib.
“1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən biri kimi tarixə yazıldı. Eyni zamanda, Cümhuriyyət tarixinin ən məhsuldar dövrünü də Gəncədə yaşadı. Üç ay ərzində Gəncədə xalqın taleyi ilə bağlı yüzdən artıq qanun və qərar qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu”,- deyə tarixçi bildirib.
İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız da Gəncədə ucaldılıb. Üzeyir Hacıbəylinin redaktorluğu ilə “Azərbaycan” qəzeti də məhz Gəncədə işıq üzü görüb.
Bəxtiyar müəllim deyib ki, bu gün ölkəmizin aqrar sektorunu bilikli, bacarıqlı kadrlarla təmin edən Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi binası Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi iclaslara, verdiyi qərarlara şahidlik edib.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçüb və fəaliyyətini paytaxtda davam etdirib. Cümhuriyyət çox ağır zamanlarda cəmi 23 ay ömür sürməsinə baxmayaraq, böyük ideyaların əsasını qoyub. Fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərib. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində deyirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi... Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur”.
Xalq Cümhuriyyətinin varisi olaraq ümummilli lider Heydər Əliyev tərəfindən qurulan və möhkəmləndirilən müstəqil, demokratik Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır, Ulu Öndərin dövlətçilik ideyaları uğurla həyata keçirilərək ictimai-siyasi həyatımızın bütün sahələrində yüksək nailiyyətlər qazanılır, müasir tariximizin yeni, şanlı səhifələri yazılır.