REGİONLAR
Cəlilabadda bələdiyyə üzvlərinin və qulluqçularının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb
Cəlilabad, 21 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 21-də Lənkəran Regional Ədliyyə İdarəsi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə bələdiyyə üzvlərinin və qulluqçularının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Lənkəran Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi Əvəz Bədəlov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Seminar-müşavirədə “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Bələdiyyələrdə kargüzarlığın təşkili” mövzusunda məruzələr dinlənilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.