CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Maştağa və Beyləqanda VİDEO
Bakı, 24 aprel, AZƏRTAC
Səyyar “ASAN xidmət” aprelin 24-dən mayın 3-dək Sabunçu rayonunun Maştağa qəsəbəsində, aprelin 26-dan-mayın 15-dək isə Beyləqan şəhərində vətəndaşlara xidmət göstərəcək.
Həmçinin səyyar avtobuslar aprelin 26-dək Tovuz, Qax, Astara, Yevlax, Salyan şəhərlərində, aprelin 29-dək Abşeron rayonunun Novxanı qəsəbəsində, mayın 16-dək Siyəzən şəhərində, səyyar ASAN qatar isə aprelin 28-dək Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətində olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.