REGİONLAR
Qubanın Qırızdəhnə kəndi ərazisində daha bir ayı balası tapılıb FOTO VİDEO
Quba, 15 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 15-də Qubanın Qırızdəhnə kəndi ərazisində daha bir ayı balası tapılıb.
AZƏRTAC xəbər verir ki, ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin əməkdaşları və kənd sakinləri anasından ayrı düşmüş iki aylıq ayı balasını tutaraq təhlükəsiz yerə aparıblar.
Xatırladaq ki, mayın 3-də də həmin kənddə ayı balası aşkarlanmışdı.
Bu gün tapılan ikinci ayı balası da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızı rayonunda yerləşən Vəhşi Təbiətin Bərpası və Müalicə Klinikasına təhvil veriləcək.
Vəhşi Təbiətin Bərpası və Müalicə Klinikası 2006-cı ildən fəaliyyət göstərir. Mərkəz ölkəmizin ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda müxtəlif səbəblərdən zərər çəkmiş vəhşi heyvanların reabilitasiyası, artırılması, baytarlıq və profilaktika tədbirlərinin keçirilməsi məqsədilə yaradılıb.
Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən bərpa mərkəzində son 10 ildə 500-dən çox heyvan və quş müalicə olunaraq, yenidən təbiətə buraxılıb.