REGİONLAR
Xaçmazda işaxtaranlara 400-ə yaxın iş yeri təklif olunub VİDEO
Xaçmaz, 7 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Xaçmaz şəhərində işsiz və işaxtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 30-a yaxın idarə, müəssisə və təşkilatdan 386 vakant iş yeri çıxarılıb.
Vakant iş yerləri təqdim edən qurumlar arasında dövlət idarələri ilə yanaşı, 12 özəl müəssisə və 2 fiziki şəxs də yer alıb. Təklif edilən işlərə görə əməkhaqqı 120-700 manat arasında olub.
Yarmarkada 65 nəfərə öz istəyinə və ixtisasına uyğun işə göndəriş verilib. Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.