REGİONLAR
Qubada yol hərəkəti qaydalarını pozan 45 sürücü barəsində inzibati cəza tədbirləri görülüb VİDEO
Quba, 25 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində qayda pozan 45 sürücü barəsində inzibati cəza tədbirləri görülüb.
AZƏRTAC xəbər verir ki, onlardan ikisi sürücülük hüququ olmadan, biri isə sərxoş halda maşını idarə etdiyi üçün cəzalandırılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının II tağımının əməkdaşları ölkəmizin əsas turizm zonalarından sayılan Qubada və Xaçmazda yay aylarında hərəkətin intensivliyi xeyli artdığından belə reydləri mütəmadi olaraq həyata keçirirlər.
Reyd zamanı avtomobilə əlavə avadanlıq quraşdıran, qadağan olunan yerdə ötmə əməliyyatı edən və sürət həddini aşan sürücülərə daha çox rast gəlinib.
Tağım komandiri Arzu Nurəliyev AZƏRTAC-a bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Bu kimi reydlərin keçirilməsində məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxararaq onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.