ELM VƏ TƏHSİL
İnstitutun direktoru: Suvarma qurğularını AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsal edə bilərik
Bakı, 11 oktyabr, AZƏRTAC
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin istehsalata tətbiq imkanları müəyyənləşdirilib. Xaricdən gətirilən suvarma qurğuları, sistemləri və boruları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında istehsal edə bilərik. Bunun üçün yerli kimyəvi materiallarımız var. Xaricdən 12 min ABŞ dollarına gətirilən hər hansı bir məhsulu 3-5 min ABŞ dollarına daha keyfiyyətli şəkildə hazırlamaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib. Onun sözlərinə görə, elmi müəssisənin laboratoriya müdirləri tədqiqatların nəticələrinə uyğun olaraq səmərəli təkliflərlə çıxış ediblər. Laboratoriyalar tərəfindən istehsalata tətbiq edilə biləcək elmi yeniliklərin və xidmətlərin adlarının tezliklə AMEA-nın Yüksək Texnologiyalar Parkına verilməsi qərara alınıb.
“Eyni zamanda, üzvi mənşəli gübrə istehsalından danışmaq istəyirəm. Dünyanın bir çox ölkələri peyindən gübrə kimi istifadə edirlər. Çox fundamental məsələdir. İnstitutumuzda hazırlanan “Qala” kompostunun 30 faiz tullantı, 30 faiz peyin, 30 faiz lil, 10 faizi isə kanalizasiya suyudur. Qarışdırılaraq torpağa verilir, nəticəsi də yüksək olur”, - deyə Ə.Quliyev bildirib.