CƏMİYYƏT
Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı layihənin icrasına başlanılıb
Bakı, 21 oktyabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrasına başlayıb.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ilk tədbir Oğuz rayon mədəniyyət evində keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra dövlət himni ifa olunub.
Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Nəbiyev gənc nəslin milli ruhda tərbiyə olunmasında dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini bildirib.
Birliyin sədri Çingiz Bayramov bildirib ki, layihənin keçirilməsində məqsəd gənclər arasında azərbaycançılıq məfkurəsini təbliğ etmək, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı olan gənclərin yetişməsinə təkan verməkdir. Ç.Bayramov, həmçinin gənclər arasında vətənpərvərlik təbliğatının aparılmasının vacibliyindən danışaraq, gənc nəsli ayıq-sayıq olmağa və yad ideologiyaların təsirinə düşməməyə çağırıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı azərbaycançılıq məfkurəsinin əsasını təşkil edir. Prezident İlham Əliyev bu məfkurəni daha da sistemləşdirdi.
Tədbirdə azərbaycançılıq məfkurəsini region gəncləri arasında təbliğində belə layihələrin intensiv reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.