İDMAN


Azərbaycanın gənc cüdoçuları dünya birinciliyində böyük uğura nail olublar

Dünya birinciliyində iki qızıl və iki gümüş medal qazanan cüdo üzrə Azərbaycan millisi kişilərin fərdi yarışlarında birinci yeri tutub

Bakı, 21 oktyabr, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənc cüdoçular arasında dünya birinciliyində fərdi yarışlar başa çatıb. Azərbaycan millisi mundialın sonuncu günündə daha bir uğura imza atıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Z.Kotsiyevin rəqibi erməni əsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, bayrağımız qaldırılıb.

Bununla da millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər milli komandaları qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq ikinci olublar.

Xatırladaq ki, dünya çempionatında Hidayət Heydərov (73 kq), Zelim Kotsiyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.