CƏMİYYƏT
Nardaranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Nardaran qəsəbəsindəki 130 saylı tam orta məktəbdə keçirilən tədbirdə məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən məktəbin direktoru Ağası Orucov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb, bunun dövlətimizin başçısının müsəlman dünyasının həmrəyliyinə verdiyi önəmin göstəricisi olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışının ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı olduğunu bildirib. Respublikamızda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan DQİDK-nın şöbə müdiri bildirib ki, bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır.
Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan şöbə müdiri dini ekstremizm, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini diqqətə çatdırıb. Ə.Zülfüqarov vurğulayıb ki, bəzi xarici qüvvələr radikal qruplara dəstək verərək onların vasitəsilə İslamı gözdən salmağa, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov və Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov çıxışlar edərək gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün mükəmməl təhsil almalarının vacibliyini bildiriblər.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.