REGİONLAR


Gəlişi doğru, müjdəsi yalançı çərşənbə

Gəncə, 20 fevral, Rauf Hacıyev, AZƏRTAC

Xalqımızın ən qədim milli bayramı olan Novruzun təmtərağı bir və ya bir neçə günlə məhdudlaşmır. Qədimdə böyük səbirsizliklə yazın gəlişini gözləyən insanlar 40 gün davam edən böyük çilləni yola saldıqdan sonra Novruza qədər olan 1 ay 20 günü, yəni həftənin hər çərşənbəsini müəyyən mərasimlərlə qeyd ediblər. Həmin çərşənbələrin ilk üçünə “Oğru üsgü”, ikinci üçünə “Doğru üsgü”, sonuncusuna isə “İlaxır çərşənbə” deyilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin şöbə müdiri, folklorşünas Ruziyyə Quliyeva məlumat verib.

O deyib ki, çərşənbələrin hərəsinin özünə görə adət-ənənələri, mərasimləri olub. Tədqiqatlardan da görünür ki, xalq tərəfindən həyata keçirilən bütün ayin və mərasimlər qışın mümkün qədər tez çıxması üçün icra edilib. İnsanlar həmin ayinlər vasitəsilə altı çərşənbə hazırlıq görüb, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq qışı yola salıb, yeni ili, yəni yazın ilk gününü elliklə bayram ediblər. Odur ki, doğruçu çərşənbə hesab olunan dörd çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında yalançı çərşənbələr də qeyd olunub. Lap qədim zamanlarda isə “Oğru üsgü” adı ilə üç yalançı çərşənbə vardı. Yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır. Beləliklə, bu gün, yəni fevralın 20-si sonuncu yalançı çərşənbə sayılır.

İnanca görə, yalançı çərşənbə insanlara qarışıq dünyadan nizamlı dünyaya çıxmağın yaxınlaşdığı ismarıcını verir. Çünki bu, həm də elə bir zaman aralığıdır ki, artıq sərt qış fəslinin təbiətə qədəm basmasından təxminən qırx günlük müddət ötmüş olur. Xalq düşüncəsinə görə, kiçik çillənin ortasında, yəni Novruzun ilk müjdəçisi Xıdır Nəbinin gəlişi ilə təbiət tədricən oyanmağa başlayır. İnsanlar yalançı çərşənbə ayinlərini icra edirlər. Təbiətin nizamını bərpa edən doğruçu hesab olunan çərşənbələrin şənlik və təmtərağından fərqli olaraq, yalançı çərşənbənin gəlişi nisbətən sakit qeyd edilir. “Belə ki, yalançı çərşənbə qeyd olunan evlərdə günəşin qürub vaxtı ayrı-ayrı həyətlərdə küləş və samandan alovu gur olmayan tonqallar yandırılır. Yalançı çərşənbədə digər çərşənbələrdə olduğu kimi, çoxsaylı ayinlər icra edilmir, evlərdə xüsusi süfrə açılmır. Bütün bunlar yalançı çərşənbənin aldadıcı olduğunu, insanların hələ də onun istisini təbiətdə, evlərində, həyətlərində hiss etmədiyini göstərir. Bir sözlə, yalançı çərşənbə adında ifadə olunan mənanı özündə daşıyır və ona uyğun görüntü yaradır”, - deyə folklorşünas Ruziyyə Quliyeva bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.