QAN YADDAŞI
Hərbi hissədə Xocalı faciəsi anılıb
Bakı, 24 fevral, AZƏRTAC
Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar fevralın 24-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və “N” nömrəli hərbi hissənin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, faciə zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra nazirliyin nümayəndəsi, polkovnik Abdulla Qurbani bəşəriyyətin ən qəddar və amansız terror hadisəsindən biri olan Xocalı soyqırımı haqqında danışıb.
Bildirilib ki, bu faciə 200 ildən çox müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni hərbi birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər. Xocalı soyqırımı haqqında həqiqətlər yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılıb.
Hərbi birliyin zabiti Mehman Kərimov ermənilərin törətdikləri vəhşiliklərdən söz açaraq Azərbaycan Ordusunun bütün şəhidlərimizin qisasını alacağını diqqətə çatdırıb.
Tədbirdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında ədəbi-bədii proqram təqdim olunub.
Sonda “Salnamə” kinostudiyasının hərbi-vətənpərvərlik mövzusunda istehsal etdiyi və real faktlara əsaslanan “Mən evə qayıdıram” bədii filmi göstərilib.