SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fransada səfərdədir

Paris, 11 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Fransada səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfərin ilk günü nümayəndə heyətinin üzvləri Fransadakı diplomatlarımızla birlikdə Azərbaycanın səfirliyində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Sonra Fuad Muradov Fransa daxili işlər nazirinin müşaviri Frederik Yunq, Senatın müdafiə və silahlı qüvvələr üzrə komissiyasının vitse-prezidenti Robert Denis del Picchia, Senatda Qafqaz qrupunun rəhbəri, senator Alən Uper ilə görüşüb.

Görüşlərdə iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinə toxunulub. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Fransa ilə əlaqələrinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin möhkəmlənməsinə töhfələri vurğulanaraq, parlamentlərarası dostluq qrupunun sədri olarkən ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı xatırlanıb. Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi mühüm layihələrdən söz açılıb.

Görüşlərdə Azərbaycanın regional sabitlikdə rolundan bəhs olunub. Ölkəmizin enerji ehtiyatlarından danışılaraq, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında onun rolunun əhəmiyyəti vurğulanıb. Bundan başqa, ölkəmizin beynəlxalq nüfuzundan söhbət açılıb, regionda Fransanın ən etibarlı tərəfdaşı olduğu diqqətə çatdırılıb.

Həmçinin görüşlərdə Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışılıb. Bildirilib ki, Fransada yaşayan diaspor üzvlərimizin yeganə narahatlığı ölkəmizin ərazi bütövlüyünün pozulmasıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan böyük gözləntilərin olduğu bildirilib.

Görüşlərdə qarşılıqlı səfərlərin, lobbiçilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub.

Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycanın Dostları Assosiasiyasında, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri və azərbaycanlı ailə ilə görüşü olub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.