CƏMİYYƏT
İyirmi beş il Cəbrayılın və xan çinarın həsrətində
Bakı, 22 avqust, AZƏRTAC
Cəbrayıl rayonu Qarabağ torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə 378 şəhid verib. Həmin döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin yaralanıb, Vətənin altı igid övladı Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb. Şişqaya, Sur uğrunda döyüşlər, Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi həmişə xatırlanır...
AZƏRTAC xəbər verir ki, bu fikirlər Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25 illiyi ilə əlaqədar avqustun 22-də Muzey Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı tədbirdə ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində erməni quldurlarının əsassız ərazi iddiası ilə nəticəsində baş verən qanlı müharibənin ağır fəsadları, torpaqlarımızın işğalı, eləcə də igid Vətən övladlarının doğma yurdumuz uğrunda göstərdikləri qəhrəmanlıq nümunələri haqqında məlumat verib.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Kamran Quliyev, rayon tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Aytən Fətullayeva və başqaları Cəbrayıl uğrunda gedən qanlı döyüşləri xatırlayıb, doğma yurdlarına tezliklə qayıdacaqlarına əmin olduqlarını bildiriblər.
Çıxışlarda qeyd edilib ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərində qazanılan qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində kəndin qısa müddətdə bərpa olunması Böyük Qayıdışın başlanğıcıdır. Bu gün Cocuq Mərcanlının yaxınlığındakı Lələtəpə yüksəkliyində şanlı Azərbaycan bayrağının dalğalanması, həmçinin kənddə yaşayın öz axarı ilə davam etməsi, Azərbaycan dövlətinin burada sakinlər üçün yaratdığı nümunəvi şərait cəbrayıllılarda, eləcə də bütün məcburi köçkünlərimizdə doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına dərin və sarsılmaz inam hissi yaradıb.