REGİONLAR
Qaxda fındıq və tərəvəz istehsalçıları üçün təlimlər keçirilib
Gəncə, 23 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) ekspertləri“Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində Qax rayonunun Cəlayir, Turaclı, Əmircan kəndlərində yerli fermerlər üçün fındıq və tərəvəz sahələrində zərərvericilərə və xəstəliklərə qarşı bioloji mübarizə üsullarının tətbiqi, ekoloji təmiz məhsul istehsalı mövzularında təlimlər keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlərə layihə mütəxəssisləri tərəfindən məhsul istehsalı prosesində zərərvericilərə qarşı ətraf mühit üçün təhlükəsiz vasitələrdən - entomopatogenlərdən istifadə edərək ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə dəstək verən İnteqrir Bitki Mühafizə Sisteminin haqqında geniş məlumat verilib.
Təlim zamanı bütün iştirakçılara mövzunu əhatə edən təlim materialları, layihənin məqsədlərini və ekoloji təmiz kənd təsərrüfatının əhəmiyyəti barədə məlumatları əks etdirən broşürlər təqdim edilib.
Təlimləri dəstəkləyən Qax Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) və AMEA-nın ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzinin mütəxəssisləri fermerlərin bilik və bacarıqlarının artırılması prosesinə öz töhfələrini veriblər.
Sonda məhsul istehsalçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.