CƏMİYYƏT
Xətai rayonunda qadını bıçaqla hədələyərək pulunu və qızıllarını ələ keçirən şəxslər saxlanılıblar VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.
Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.