CƏMİYYƏT
Bakıda orta məktəblərdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 23 noyabr, AZƏRTAC
Paytaxtdakı 54 saylı tam orta məktəbdən naməlum şəraitdə hər birinin qiyməti 700 manat olan dörd proyektorun oğurlanması barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların paytaxtın Səbail və Xətai rayonlarında yerləşən daha üç məktəbdən televizor, noutbuk və digər ləvazimatlar oğurladıqları məlum olub. Dəstə üzvləri oğurladıqları əşyaların bir qismini sataraq əldə etdikləri pulu aralarında bölüblər.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.