İQTİSADİYYAT


BP dünyada geniş yayılmış üç iqtisadi kitabı Azərbaycan dilinə tərcümə etdirib

Bakı, 13 dekabr, Nihad Budaqov, AZƏRTAC

BP şirkəti ölkədə təhsilin inkişafına göstərdiyi dəstək çərçivəsində dünyada geniş yayılmış üç kitabın Azərbaycan dilinə tərcümə olunmuş nəşrini təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu üç kitab aparıcı beynəlxalq universitetlərdə geniş istifadə olunur və bir çox dillərə tərcümə edilib. Bu kitablar universitetlərin iqtisadiyyat fakültələrindəki tələbələrin və müəllimlərin, habelə iqtisadi nəzəriyyələr, siyasətlər və inkişaflar üzrə ixtisaslaşan daha geniş auditoriyanın istifadə etməsi məqsədilə ilk dəfədir Azərbaycan dilinə tərcümə olunub.

Sözügedən kitablar bunlardır - Beynəlxalq İqtisadiyyat: Nəzəriyyə və siyasət (müəlliflər: Pol R.Kruqman, Mauris Obstfeld və Mark J.Melitz); Makroiqtisadiyyat (müəllif: Olivier Blanşar); Mikroiqtisadiyyatın əsasları (müəlliflər: Karl E.Keys, Rey C.Feyr və Şaron E.Oster).

Kitabların təqdimat mərasimində çıxış edən “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Uzunmüddətli və etibarlı tərəfdaş kimi BP Azərbaycana beynəlxalq bilik və təcrübənin ötürülməsinə yardım edən fəaliyyətlərə dəstək verməkdən qürur duyur. Bu təşəbbüs BP-nin Azərbaycandakı sponsorluq siyasətinin prioritet sahələrindən biri olan təhsilə göstərdiyimiz dəstək çərçivəsində həyata keçirilib. Azərbaycan dilində nəşr edilməsi üçün seçdiyimiz bu kitablar dünyanın aparıcı universitetlərində geniş istifadə edilir. Bu da, bizim iqtisadiyyat sahəsində tədris edən və təhsil alan hər bir kəsə töhfəmizdir. Faktiki olaraq, bu kitabları tərcümə və çap etməklə biz iqtisadiyyat fakültələrindəki tələbələrə və müəllimlərə dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkanı yaratmışıq. Biz Azərbaycana təhsil sahəsində ən qabaqcıl beynəlxalq bilikləri, nailiyyətləri və təcrübəni gətirmək məqsədilə yerli universitetlərə dəstək verən bu təşəbbüsün davam edəcəyinə ümid edirik”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bildiriblər ki, bu kitablara Azərbaycan universitetlərinin iqtisadiyyat fakültələrində tədrisin keyfiyyətinin artırılmasına və təhsilin modernləşdirilməsinə BP-nin əhəmiyyətli töhfəsi olacaq.

BP-nin yerli universitetlərə hədiyyəsi olan bu kitabları, həmçinin yerli kitabxanalar və əlaqədar təhsil müəssisələri vasitəsilə bütün maraqlanan şəxslər də əldə edə biləcəklər.

Üç kitabın tərcümə və çap xərcləri ümumilikdə təxminən 268 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.