ELM VƏ TƏHSİL
Rusiyanın Azərbaycandakı səfiri Bakı Slavyan Universitetində mühazirə oxuyub
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakı Slavyan Universitetində (BSU) mühazirə oxuyub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan tələbələr qarşısında “Diplomatiyanın əsasları” mövzusunda mühazirə oxuyan səfir diplomatik fəaliyyətə başladığı ilk illərdən bu günə qədər qazandığı təcrübələri gələcək diplomatlarla bölüşüb. O qeyd edib ki, Moskva Dövlət İnstitutunu 1971-ci ildə bitirdikdən sonra elə həmin il SSRİ-nin Efiopiyadakı səfirliyində məsləhətçi-müşavir kimi çalışmağa başlayıb. Buradakı fəaliyyətindən sonra ilk dəfə Zambiyaya səfir təyin olunmasından danışan M.Boçarnikov Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru təyin edildiyi illərdəki diplomatik fəaliyyəti barədə maraqlı məlumatlar verib. Səfir Afrika ilə iş üzrə ixtisaslaşdıqdan sonra fəaliyyət istiqamətinin dəyişməsindən, Rusiyanın Qafqaz siyasəti istiqamətində təcrübələrindən söz açıb, tələbələri maraqlandıran sualları cavablandırıb, onlara diplomatiya ilə bağlı bir sıra tövsiyələr verib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva Mixail Boçarnikovun Azərbaycanda diplomatik fəaliyyətə başladığı qısa müddət ərzində artıq ikinci dəfə universitetdə qonaq olmasından məmnunluq ifadə edib. Rektor bildirib ki, Rusiya-Azərbaycan arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla özünü göstərir, dostluq və tərəfdaşlıq, eyni zamanda, yaxşı qonşuluq münasibətləri iki ölkə arasında əməkdaşlığın bütün sahələrini əhatə edir. Nurlana Əliyeva deyib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası dünyanın bütün ölkələri ilə, xüsusən yaxın coğrafi ərazidə yerləşən dövlətlərlə dinc və mehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasət xətti yürütməyə başlayıb. Bu siyasi kursda Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur. Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələri inkişaf etdirmək ulu öndər Heydər Əliyevin xarici siyasət kursunda müstəqil istiqamət kimi həyata keçirilib. Hazırda bu siyasəti davam etdirən Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, o cümlədən humanitar sahədə əlaqələrin inkişafına mühüm önəm verir. Rusiyanın qabaqcıl universitetləri ilə qurulan əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini deyən Nurlana Əliyeva BSU-nun Azərbaycanda rusiyaşünaslığın və slavyanşünaslığın əsas mərkəzi olduğunu qonağın diqqətinə çatdırıb.