REGİONLAR
Qusarlı həkimlər bədbəxt hadisə zamanı ağır xəsarətlər alan Rusiya vətəndaşının həyatını xilas edib VİDEO
Qusar, 5 mart, Elxan Yusifli, AZƏRTAC
Qusardakı istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alan Rusiya vətəndaşının həyatı xilas olunub.
Qusar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Mahir Bədəlov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fevralın 28-də üzərinə ağır dəmir materialın aşması nəticəsində yaralanan Nikita Şepelyov təcili tibbi yardım maşını ilə səhiyyə müəssisəsinə çatdırılıb.
Dərhal reanimasiya şöbəsinə yerləşdirilən yaralıda kəskin daxili qanaxma müşahidə olunub. Şok vəziyyətində olan yaralının üzərində laporotomiya əməliyyatı aparılıb. Qarın boşluğundan bir litrədək qan təmizlənib. Müəyyən edilib ki, hadisə nəticəsində xəstənin qara ciyəri, böyrəyi və onikibarmaq bağırsağı ciddi xəsarətlər alıb. Xəstə üzərində müvafiq cərrahi əməliyyat aparıldıqdan sonra qan köçürülüb.
Həkimlərin səyi nəticəsində Nikita Şepelyovun həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicəsini davam etdirən xəstənin vəziyyəti stabildir.
Rusiya vətəndaşı olan N.Şepelyov Azərbaycanda fəaliyyət göstərən xarici tikinti şirkətlərinin birində montajçı fəhlə vəzifəsində çalışır.
Hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı araşdırma aparır.