REGİONLAR
Xocavəndli məktəblilər ölkəmizin Şimal bölgəsi ilə yaxından tanış olacaqlar
Beyləqan, 23 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən “Ölkəmizi tanıyaq” layihəsinə qoşulan xocavəndli məktəblilər Quba, Qusar və Xaçmaz rayonlarının tarixi, mədəniyyəti, adət-ənənələri, müasir inkişafı barədə ətraflı məlumat əldə edəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində tur-aksiyada iştirak edən xocavəndli məktəblilərlə görüş keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən maarifləndirici layihənin əsas məqsədi məktəbliləri respublikamızın ayrı bölgələri, tarixi yerləri ilə yaxından tanış etməkdir. Layihə şagirdlərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
E.Hüseynov şagirdlərə ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmi, tarixi məkanları ilə də cəlbedici məkandır. Azərbaycanın bu dilbər guşəsi həm də multikultural ənənələri ilə seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Hər bir şagird onlar üçün yaradılan şəraitdən yararlanmalı, getdikləri bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, təbiəti, coğrafiyası, kulinariyası, müasir inkişafı barədə geniş bilgilər əldə etməlidir.
Təhsil işçiləri və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssürat arzulayıblar.
Tur-aksiya iştirakçısı - Səlakətin kənd tam orta məktəbinin şagirdi Aqil Gözəlov deyib: “Vətənimin hər bir guşəsini gəzmək mənim ən böyük arzumdur. Odur ki, tur-aksiyada iştirak etdiyimə görə çox sevinirəm. Gedəcəyimiz bölgənin tarixi məkanlarını görməyə, təbiətini seyr etməyə çox səbirsizlənirəm”.
Digər məktəbli Nərgiz Cavadova isə fikirlərini belə ifadə edib: “Bu gün biz ölkəmizin gözəl təbiəti, tarixi məkanları ilə fərqlənən bir bölgəsinə səfər edirik. Bu bölgə ilə bağlı eşitdiklərimizi, oxuduqlarımızı əyani şəkildə görəcəyik. Tətil günlərimiz olduqca xoş və səmərəli keçəcək. Səfərdən çox şey öyrənəcəyik. Bu imkanı bizə yaratdığı üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Şagirdlər ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirə şəkli çəkdirib, sonra onlar üçün ayrılmış avtobusla yola düşüblər.